HAQQIMIZDA


Avropa Futbol Akademiyası öz fəaliyyətinə 2017-ci ilin may ayından başlamışdır. Məqsədimiz ilk növbədə nümunəvi vətəndaş, daha sonra isə ən gec 14 yaşdan etibarən Avropanın aparıcı Futbol Akademiyalarında məşqlərini və təhsilini davam etdirəcək uşaqlar hazırlamaqdır. Məşqçilər qrupunun qarşısında qoyulan hədəflərdən biri də təkcə Avropa səviyyəli futbolçu yetişdirmək deyil, həm də cəmiyyətimizə və ölkəmizə sağlam bədənli, sağlam ruhlu insanlar verməkdir. Fəaliyyətə başladığımız ilk 2017/2018-ci il futbol mövsümündə AFFA-nın aşağı yaş qrupları üçün təşkil etdiyi ölkə çempionatında ən kiçik yaş qruplarında (U-10 və U-11) olmaqla 2 komanda ilə mübarizəyə qoşulduq. Təxminən 20-yə yaxın tələbəmiz yarışlarda iştirak edib təcrübə qazanmış oldu. 2018/2019-cu il futbol mövsümündə isə artıq 4 komanda ilə (U-10, U-11, U-12, U-14) AFFA bayrağı altında keçirilən ölkə birinciliklərində iştirak edirik. Hal-hazırda əsas komandalarımızın heyətində yarışlarda iştirak edən tələbələrimizin sayı 60-a yaxındır. Ümumilikdə isə EFA ailəsi dedikdə, 5-14 yaş arası 150-yə yaxın uşaq Bakının müxtəlif rayonlarında təşkil etdiyimiz məşqlərdə mütəmadi olaraq iştirak edir. Məşqlər UEFA kateqoriyalı məşqçilər tərəfindən xüsusi hazırlanmış proqram üzrə aparılır. Məşq proqramımız bütöv bir mövsümü əhatə etməklə bərabər, hər yaş qrupu üçün ayrı-ayrılıqda nəzərdə tutulmuş geniş bir plandır. Mərkəzləşdirilmiş məşq prossesi Akademiyanın koordinatoru tərəfindən nəzarətdə saxlanılır və həftəlik olaraq məşqçilərə bütün məntəqələrdə eyni məşqlərin keçirilməsi tələbi qoyulur. Futbol məşqlərindən əlavə əsas komandaların oyunçularına digər idman növləri ilə məşğul olmaları tövsiyə edilir. Bu da Akademiya tərəfindən tənzimlənir və nəzarətdə saxlanılır. Koordinatorumuz tərəfindən iqlim nəzərə alınmaqla uşaqlar hovuz, atletika, gimnastika və akrobatika, döyüş idman növləri üzrə əlavə dərslərə yönəldilir. Bundan əlavə mütəmadi olaraq hər bir oyunçu üçün onların dəyərləndirilməsi anketləri (Evaluation Form) hazırlanaraq əvvəlki dövrlərlə müqayisə edilir. Zəif yönləri aradan qaldırmaq məqsədiylə fərdi məşqlər təyin edilir. Akademiyamızda məşqçilər tərəfindən təhsilə xüsusi önəm verilir. Mütəmadi olaraq dərs gündəlikləri yoxlanılır. Dərslərdən geri qalan uşaqlarla söhbətlər aparılır, tədrisin önəmliliyi ön plana çıxarılır. Çünki futbol özü də bir zəka oyunudur. Təsadüfi deyil ki, məşq proqramımızda şüur, düşüncə və təfəkkürlə bağlı olan (koqnitiv) məşqlərin xüsusi yeri var. Həmçinin uşaqlar arasında şahmat təbliğ edilir, öz aralarında oyunlar təşkil edilir. Uşaqlara xarici dil bilməyin böyük əhəmiyyət kəsb etdiyini aşılayırıq. Gedəcəkləri xarici Akademiyada daha tez uyğunlaşmaq, daha rahat olmaları üçün bunun vacib amil olduğunu vurğulayırıq. Klubun psixoloqu uşaqların oyundan əvvəl motivasiyası ilə məşğul olmaqla bərabər, istər məktəbdə, istərsə də ailə və ya dostları ilə münasibətlərin güclü olması yönündə işlər aparır. İspaniyanın populyar idman geyimi markası sayılan JOMA şirkətinin ölkəmizdəki nümayəndəliyi ilə əməkdaşlığımız imkan verir ki, əsas komandalarımızın bütün geyim dəstlərini məhz bu brend ilə təmin edək.